Təkrar emalın əhəmiyyəti
Biz niyə təkrar emal etməliyik?
Köhnə əşyanı yeni bir şeyə çevirdikdə bundan təkcə özümüz deyil, həm də ətraf mühit də fayda əldə etmiş olur. Bununla xammal və təbii resursların israfının, istehsalat prosesində sərf olunmuş enerji itkisinin qarşısı alınır. Planetin çirklənməsinə səbəb olan tullantıların sayı azalır. Təbiətdə yaşayan digər canlıların həyatı təhlükədən uzaqlaşır. Bundan əlavə, təkrar emal prosesinin aktuallaşması yaxşı ödənişli iş yerlərinin yaranmasına da kömək edir. 2016-cı ildə aparılan bir araşdırma göstərirdi ki, təkcə Amerika Birləşmiş Ştatlarında təkrar emalla məşğul olan müəssisələrdə 757 000 yeni iş yeri yaranıb. Biz bu prosesə töhfə verərək dünyada böyük dəyişiklik yarada bilərik. Çünki, Azərbaycanda da fərqli çeşidli tullantıların çoxluğu təbiətin çirklənməsinə, lazımsız enerji sərfiyyatına səbəb olur. Hər birimiz daha diqqətli olmaqla həm özümüzə, həm də cəmiyyətimizə fayda verə bilərik. Bu prosesin anlaşılması isə təkrar emalın həyata keçirilməsi yolunda ən çətin hesab olunan səddir. Bir çoxları məhz necə, harada və nəyi təkrar emal edə biləcəklərini bilmirlər. Əslində proses o qədər də çətin deyil. siz özünüz də internetdə xırda tədqiqat apararaq prosesi asanlıqla başa düşə bilərsiniz.
Bəs təkrar emalı harada etmək olar?
Bunun üçün yaşadığınız şəhərdə fəaliyyət göstərən müxtəlif müəssisələri internetdə araşdırmağa çalışın. Bu həm iri, həm də xırda müəssisələr ola bilər. Onlarla əlaqə qurun, ən optimal üsulla təkrar emal prosesinə start verin. Bundan əlavə, yaşadığınız ünvanda tullantıların atılma prosesinə də təsir edə bilərsiniz. Məsul dövlət müəssisəsinə müraciət edərək, təkrar emal üçün yararlı zibil qutularının yerləşdirilməsində rol oynaya bilərsiniz. Eyni zamanda qonşularınızın və ətrafınızın bu mövzularda maariflənməsi üçün də müəyyən addımlar ata bilərsiniz. Pandabio Azərbaycan da sizə bu mövzuda kömək edir. Biz sizin lazımsız əşyalarınızı barter edə biləcəyiniz bir platforma yaratmaqla yanaşı, həm də təkrar emal kimi bir üstünlük təqdim edirik. Belə ki, sizin əşyalarınızda hər hansı bir problem olduqda – təmir edilir, əgər təmirə yararsızdırsa – təkrar emala yönləndirilir. Bununla da biz birlikdə planeti qorumağa başlayırıq!

